"Prime Cotton"un son illərdə həm taxıl, həm də pambıq sahələrində məhsuldarlığı ildən-ilə artırması, strateji yanaşma və texnoloji yeniliklərin uğurlu tətbiqi ilə bağlıdır. 2024-cü ildə arpa üzrə orta məhsuldarlıq 22,23 sentner/hektar, buğda üzrə isə 36,91 sentner/hektar olduğu halda, 2025-ci ildə bu göstəricilər müvafiq olaraq 32,91 və 46,43 sentner/hektara qədər yüksəlib.
Şirkətin Baş icraçı direktoru Rövşən Mahmudov bu uğuru belə şərh edir: "Prime Cotton olaraq əsas fəaliyyət sahəmiz pambıqçılıq olsa da, biz rotasiya əkin sistemini tətbiq edərək torpaq münbitliyini və ümumi məhsuldarlığı qorumağı qarşımıza məqsəd qoymuşuq.
Son illərdə müasir texnikaya və dəqiq aqrar texnologiyalara ciddi investisiyalar yönəltmişik və bu gün həmin yanaşmaların real nəticələrini sahələrdə görürük. Məqsədimiz həm pambıqda, həm də taxılda yüksək məhsuldarlığı davamlı şəkildə təmin etməkdir.”
"Prime Cotton"un tətbiq etdiyi rotasiya əkin sistemi – yəni eyni sahədə hər il fərqli bitkilərin əkilməsi – torpaqdakı zərərvericilərin və xəstəliklərin dövranını pozaraq torpağın sağlam qalmasına imkan verir. Arpa və buğda kimi bitkilər torpağın strukturunu yaxşılaşdırır, qida maddələrini bərpa edir və növbəti mövsümlərdə pambıq üçün münbit şərait yaradır. Bu yanaşma eyni zamanda dərman istifadəsinə olan ehtiyacı azaldır, su resurslarına qənaət edir və məhsulun keyfiyyətini artırır.
Əldə olunan uğurlar "Prime Cotton"un məqsədyönlü strategiyası, müasir texnologiyalar və elmi əsaslı aqrar yanaşmaların birləşməsi nəticəsində mümkün olmuşdur. Şirkət qarşıdakı illərdə də həm pambıq, həm də taxıl sahələrində məhsuldarlığı artırmaq və dayanıqlı kənd təsərrüfatı modelini genişləndirmək istiqamətində fəaliyyətini davam etdirəcək.