Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

2024-cü il 30 Sentyabr-4 Oktyabr tarixlərində keçirilən "Bakı İqlim Fəaliyyəti Həftəsi" (BCAW) uğurla başa çatıb.

08.10.2024

2024-cü il 30 Sentyabr-4 Oktyabr tarixlərində keçirilən "Bakı İqlim Fəaliyyəti Həftəsi" (BCAW) uğurla başa çatıb. Tədbir iqlim dəyişikliyi ilə bağlı aktual problemləri müzakirə etmək, adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək kimi mövzuların müzakirəsi üçün dayanıqlılıq üzrə müxtəlif ekspertləri, siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirib.

Tədbirdə bərpa olunan enerji, dayanıqlı kənd təsərrüfatı, innovativ texnologiyalar və ətraf mühitin mühafizəsi daxil olmaqla müxtəlif mövzuları əhatə edən ətraflı panel müzakirələri keçirilib.

 “MKT İstehsalat Kommersiya” MMC-nin icraçı drektoru Rövşən Mahmudov da “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində baş tutan müzakirələrdə iştirak edib.

Rövşən Mahmudov MKT olaraq dayanıqlı pambıq becərilməsinin əsas meyar kimi qəbul edildiyini vurğulayaraq, iqlim dəyişikliyi, su qıtlığı və torpağın deqradasiyası kimi problemlərə toxunub və şirkət olaraq bu problemlərin həlli istiqamətində atılan addımlardan bəhs edib. “Precision farming” (dəqiq əkinçilik), damcı və pivot suvarma kimi suya qənaət edən texnologiyalar, növbəli əkin sistemi, üzvü gübrələr haqqında məlumat verib. Əlavə olaraq Rövşən Mahmudov müasir texnikaların emissiyaları azaltdığını da vurğulayıb.

Görülən bu işlərin pambığın keyfiyyətini yaxşılaşdırdığını və onu beynəlxalq bazarlarda daha rəqabətədavamlı etdiyini diqqətə çatdırıb. Lakin, bu istiqamətdə müəyyən dəstəyə ehtiyac olduğunun vacibliyini vurğulayaraq aşağıdakıları bildirib:

      "Precision farming (Dəqiq kənd təsərrüfatı) və bərpa olunan enerji kimi müasir texnologiyalar üçün davamlı maliyyələşdirməyə ehtiyacımız var. Hökumət subsidiyalarına və innovasiya fondlarına çıxış bizə böyüməyə kömək edəcək."

    "Sadələşdirilmiş qaydalar davamlı kənd təsərrüfatını təşviq etmək və ixracı artırmaq üçün vacibdir. Beynəlxalq bazarlar getdikcə yaşıl sertifikatları tələb edir; düzgün təşviqlər bu tələbləri yerinə yetirməkdə bizə kömək edə bilər".

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.