Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində pambıq sahələri üzrə ilk sığorta ödənişi həyata keçirilib.
Bu Azərbaycanda dövlət dəstəkli aqrar sığortanın tətbiqindən sonra pambıq sahələri üzrə ilk sığorta ödənişidir. Sığorta ödənişi ilə bağlı olaraq 21 yanvar 2022-ci il tarixində “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq emalı zavodunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun və “MKT İstehsalat Kommersiya” MMC-nin rəhbərliyi, Ağcabədi DAİM və digər dövlət qurumlarının nümayəndələri, əkinçilik və digər sahələrdə fəaliyyət göstərən fermerlər və iş adamları iştirak edib.
Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib ki, kənd təsərrüfatında strateji istiqamətlərdən olan pambıqçılıq sahəsinin sığortaya cəlb edilməsi bu sahədə çalışan fermer və şirkətlərin risklərini qorumaqla yanaşı, pambıqçılıqdan faydalanan bölgə sakinlərinin rifahına da müsbət təsir edir.
Tədbirdə çıxış edən “MKT İstehsalat Kommersiya” MMC-nin İdarə heyətinin üzvü və Baş əməliyyat direktoru Vüqar Ağayev təmsil etdiyi qurumun aqrar sığorta mexanizminin fəaliyyətindən məmnun qaldığını bildirib. Onun sözlərinə görə, “MKT İstehsalat Kommersiya” MMC ölkənin müxtəlif bölgələrində pambıq sahələri və pambıq emalı zavodları mövcuddur.
Etibarlı sığorta mexanizminin işə düşməsi və ödənişlərin verilməsi isə “MKT İstehsalat Kommersiya” MMC ilə yanaşı, bu sahədə fəaliyyət göstərən çoxsaylı yerli fermerin də risklərdən qorunmasına kömək edəcək.
“MKT İstehsalat Kommersiya” MMC əməkdaşlıq etdiyi fermerlərlə mütəmadi olaraq Aqrar sığortanın yararlarından bəhs edən məlumatlandırıcı xarakter daşıyan görüşlər keçirir və Aqrar sığorta xidmətlərinin bütün pambıq əkini ilə məşğul olan fermerlərin istifadə etməsini məsləhət görür.