Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton-dan Azərbaycanda bir ilk

28.07.2025

Dörd il əvvəl ölkədə Pima sortu pambığın yetişdirilməsinə başlayan "Prime Cotton", ötən mövsüm bu yüksək keyfiyyətli növdən 17 hektarlıq ərazidə əkin apararaq, əldə edilən məhsulu Mingəçevir Tekstil Fabrikində iplik istehsalına yönəldib. Yaradılan iplik məhsulları  həm incə strukturu, həm də yüngül toxuması ilə diqqət çəkir.

Qeyd etmək lazımdır ki, iplik ölçülərində birinci rəqəm böyüdükcə məhsul daha nazik olur. Məsələn, 80/1 iplik 60/1 ilə müqayisədə daha incə və yumşaqdır. Bu cür ipliklər əsasən lüks tekstil məhsullarında, o cümlədən yüksək keyfiyyətli yataq dəstləri və incə parçalı geyimlərin istehsalında istifadə edilir.

 

İstehsal olunan ipliklərdən ilkin mərhələdə 60/1 ölçülü olanı bazarda artıq tətbiq olunmağa başlayıb. "Prime Cotton" ilə bərabər "GP Cotton Holding"in tərkibində fəaliyyət göstərən GiLTEX şirkəti məhz bu iplikdən parça toxuyaraq, Luma Home Textile adlı yeni premium ev tekstili brendini bazara çıxarıb. Bu brendin məhsulları rahatlığı və estetik görünüşü ilə alıcıların diqqətini cəlb edib və qısa müddətdə bazarın yüksək qiymətləndirməsini qazanıb.

"Prime Cotton"un becərdiyi Pima pambığı, lif uzunluğu və elastikliyi baxımından dünya pambıq sortları arasında seçilən mövqeyə malikdir. Xüsusiyyətlərinə görə bu sort, beynəlxalq tekstil sənayesinin tanınmış xammalı olan Misirin Giza pambığı ilə müqayisə edilir. Hər iki növün lifləri uzun və incədir ki, bu da ipliyə və ondan hazırlanan parçaya həm parıltı, həm də yumşaqlıq və möhkəmlik verir. Bu səbəbdən də Pima pambığı lüks tekstil seqmentində geniş şəkildə istifadə olunur.